İnsan hüquqların müdafiəsi ilə məşğul olan "CAGE" adlı QHT rəhbəri, Böyük Britaniya vətəndaşı Muhammad Rabbani Fransanın tələbi ilə Bakı Təşəbbüs Qrupunun BMT-nin Cenevrə ofisində təşkil etdiyi “Neokolonializm: insan hüquqları, sülh və təhlükəsizlik” konfransına buraxılmayıb.
Bu barədə Muhammad Rabbani “X” platformasındakı paylaşımında qeyd edib.
“Artıq 6 saatdır ki, mən Cenevrə hava limanına enmişəm. Hələ də saxlanılıram və bu mənim BMT-nin Baş Qərargahındakı konfransda çıxış etməyimə mane olur. Sərhəd polisləri peşəkarlar olsalar da mənim kimi çaşqın vəziyyətdədirlər”, - Raabbani qeyd edib.
Məlumata görə, konfransda iştirak etmək məqsədilə Cenevrəyə gələn M.Rabbaninin tədbirə qatılmasına imkan verməmək üçün Fransa tərəfi İsveçrəyə təzyiq göstərib. Nəticədə, Fransa tərəfinin təzyiqləri qarşısında İsveçrə polisi QHT sədrini sərhəddə saxlayıb. Hüquq müdafiəçisinin vəkilinin haqlı tələblərinə baxmayaraq, İsveçrə polisi onu buraxmaqdan imtina edir.
“QHT-lərin xüsusilə də bu cür beynəlxalq forumlarda birləşmək azadlığını məhdudlaşdırmaq tamamilə qəbuledilməzdir. Bu, sadəcə müdaxilə deyil, dövlət strukturlarının tənqidi səsləri boğmaq və özünü hesabatlılıq səylərindən qorumaq məqsədilə dağıtma taktikasıdır”, - Rabbani qeyd edib.
Xatırladaq ki, bu, Fransanın söz və fikir azadlığının boğulması səylərinə dair son günlərdə yol verilən tək hal deyil. Fransa bir müddət öncə Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dünyaya çatdırmaq məqsədilə əraziyə gedən AZƏRTAC-ın müxbirini hava limanında saxlayaraq ölkəyə buraxmayıb. Makron Administrasiyası daha sonra mətbuat vasitəsilə AZƏRTAC müxbirlərinə qarşı qarayaxma kampaniyasına başlayıb.