Ermənistanın paytaxtı İrəvanda Azərbaycandan qayıdan və Muratsan hərbi hospitalında tibbi müayinədən keçən hərbçilərin həm yaxınları, həm də onlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında əlbəyaxa dava olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, davanın başvermə səbəbi və hadisənin təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.
Xatırladaq ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunmuşdu.