Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Senzor.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, nazirlər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, habelə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə 2023-cü ildə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin, qardaş Türkiyədə isə Cümhuriyyətin 100 illik yubileyinin qeyd edilməsi fonunda iki ölkə arasında bütün səviyyələrdə təmaslarımızın daha intensiv, daha məhsuldar xarakter aldığı vurğulanıb.
Çoxşaxəli və zəngin Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin cari vəziyyətindən məmnunluq ifadə edilib, siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə münasibətlərin tarixi yüksəliş mərhələsində olduğu bildirilərək Şuşa Bəyannaməsinin bu xüsusda mühüm zəmin olduğu qeyd olunub.
Habelə, beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb. Çoxtərəfli platformalarda, o cümlədən BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyətindən söz açılıb.
Nazirlər həmçinin bölgəmizdə sabitliyin qorunmasında Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin vacib roluna toxunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bu gün bölgədə tarixi məqamın yarandığını, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasının və bu kimi təməl prinsiplərə hörmətlə yanaşılmasının bölgədəki davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yol olduğunu bir daha bəyan ediblər.
Görüşdə nazir Ceyhun Bayramov həmkarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanın 30 illik işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın geri qayıdış prosesi, habelə Azərbaycan Ermənistan arasında etimad quruculuğu istiqamətində atılan son addımlar barədə məlumatlandırıb.
Nazir Cehyun Bayramov işğaldan azad edilmiş ərazilərdə fəaliyyətlərində Türkiyə tərəfinin aktiv iştirakını yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlərin iştirakı ilə keçirilmiş mətbuat brifinqində görüşün nəticələrinə dair bəyanatlar səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.
**16:48
Orta Dəhlizin tam potensialı ilə həyata keçməsi çox önəmlidir.
Senzor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Bu cür layihələrin sayının artırılması bölgənin inkişafı baxımından çox vacibdir. Biz, həmçinin həmkarımla söhbət zamanı da belə layihələrin sayının artırılması ilə bağlı niyyətimizi bilirdik”, - deyə türk nazir əlavə edib.
**15:55
Ermənistan tərəfindən aldığımız sülh sazişi şərhləri üzrə hazırda Azərbaycan öz mövqeyini formalaşdırır və yaxın zamanlarda onlar qarşı tərəfə təqdim olunacaq.
Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla keçirdiyi mətbuat konfransında söyləyib.
O bildirib ki, Azərbaycanın və Türkiyənin regionda sülh və sabitliyin təmin olunması ilə bağlı mövqeləri eynidir. Düşünürük ki, Ermənistan tərəfi də eyni fikirlə addımlar atacaq. Belə olan təqdirdə, müsbət nəticələr əldə etmək olar.
**15:33
Türkiyə ilə Azərbaycan arasında sarsılmaz bağlar var. Azərbaycanın haqq mübarizəsində daim onun yanındayıq.
Senzor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Bölgədə sülh, rifah və inkişaf olmalıdır. Münaqişəyə gərək qalmadığını düşünürük. Bundan sonra sülh olmasını dəstəkləyirik. İki ölkə arasındakı görüşləri dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə Türkiyə də normallaşmanı təmin edəcək”, - deyə Türkiyə XİN-in başçısı vurğulayıb.
**15:30
2023-cü ilin ilk on ayı ərzində Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7 milyard dollara yaxınlaşaraq 2022-ci ilin 12 ayındakı rəqəmi 15 faiz üstələyib.
Senzor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, hazırda 4 minə yaxın Türkiyə investisiyalı şirkət Azərbaycanda fəaliyyət göstərir.
**
Bu gün biz əməkdaşlığın bütün sahələrindən danışarkən Azərbaycan Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək yanılmarıq.
Bu sözləri Azərbaycanın xarici işlər Naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla keçirdiyi mətbuat konfransında bildirib.
Nazir deyib ki, bu münasibətləri inkişaf etdirmək üçün ölkələrimiz arasında müxtəlif formatlar mövcuddur.
**14:55
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan-Türkiyə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə olunub.
Hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.
**13:36
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş başlayıb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
**13:25
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, C.Bayramov H.Fidanı nazirliyin binası önündə qarşılayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda rəsmi səfərdədir.