Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, danışıq zamanı İsrail-Fələstin qarşıdurması, İsveçin NATO-ya üzvlüyü, F-16 qırıcıları ilə bağlı məsələlər, eləcə də ikitərəfli əlaqələr müzakirə edilib.
Ərdoğan Yaxın Şərqdə baş verən qarşıdurmanın aradan qaldırılması, bununla əlaqədar İsrail-Fələstin cəbhəsində təcili atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti bu qarşıdurmanın dərinləşməsinin və uzanmasının regional, həmçinin qlobal səviyyədə mənfi nəticələrə səbəb ola biləcəyini bildirib.
Son günlər həm dünya, həm də ABŞ ictimai rəyinin bu qarşıdurmanın dayandırılması istiqamətində tələbini daha yüksək səslə dilə gətirdiyini xatırladan Ərdoğan bölgədə ən qısa zamanda daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu bildirib.
Ərdoğan bu məsələnin həlli ilə bağlı Türkiyənin təklif etdiyi qarant mexanizminin yaradılmasının önəmini bir daha diqqətə çatdırıb.