Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı seçki məntəqəsi təşkil ediləcək.
Senzor.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına müraciətində qeyd olunub.
Bildirilib ki, 2024-cü il fevralın 7-də təyin edilmiş növbədənkənar Prezident seçkilərində iştirak etmək istəyən, Ukraynada daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə bu il dekabrın 29-u Ukrayna vaxtı ilə saat 18:00-dək səfirliyə müraciət etmələri xahiş olunur.
Onlar +380 73 505 00 00 telefon nömrəsindən və [email protected] elektron poçt ünvanından istifadə edilər.
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və Ukraynada faktiki yaşadığı ünvan barədə məlumat mütləq təqdim olunmalıdır.
Qeyd olunmalıdır ki, Seçki Məcəlləsinə uyğun olaraq, yetərli sayda seçici qeydiyyata alındıqda, seçki məntəqəsinin Kiyev şəhərində təşkili nəzərdə tutulur. Seçki məntəqəsinin təşkili barədə məlumat səfirliyin internet və sosial media səhifələrində elan ediləcək.