Adrian Mutu ilə yollarını ayıran “Neftçi”yə yeni baş məşqçi təyin olunub.
Klubdan Senzor.az-a verilən məlumata görə, "ağ-qaralar" monteneqrolu mütəxəssis Miodraq Bojoviç ilə müqavilə imzalayıblar.
“UEFA Pro” lisenziyalı məşqçi 1968-ci ildə Monteneqronun (YİR) Moykovas şəhərində anadan olub. Futbolçu karyerasını tamamladıqdan sonra Serbiyanın “Boras” klubunda məşqçiliyə başlayıb. 20 illik məşqçilik təcrübəsinə malik mütəxəssis bu illər ərzində Serbiya çempionu, Rusiya kubokunun qalibi və finalçısı olub.
Karyerası ərzində Rusiyada "Dinamo" (Moskva), "Lokomotiv" (Moskva) və Serbiyada "Srvena Zvezda" kimi komandaların baş məşqçisi olub. M.Bojoviçin “Neftçi”dən öncəki son iş yeri isə Rusiyanın "Arsenal" (Tula) klubudur.
Mütəxəssis "Neftçi" ilə 2024-cü ilin yanvar ayında Türkiyənin Antalya şəhərində baş tutacaq təlim-məşq toplanışına qatılacaq.
Bu arada yeni baş məşqçisi mətbuat konfransında deyib ki, "Neftçi" Azərbaycanın ən yaxşı və böyük tarixə malik olan klubudur: “Düzdür, futbolda işləmək asan deyil. Amma burada hansı hədəflərin olduğunu bilirəm".
Monteneqrolu mütəxəssis əlavə edib ki, qarşıya qoyulan məqsəd çempionatı minimum ikinci bitirmək və kuboku qazanmaqdır: "Buna nail olmaq üçün yaxşı futbol oynamaq lazımdır. Mən komandaya hələ yeni gəlmişəm. Təbii ki, hər transfer dönəmində komanda güclənməlidir. Yəqin ki, danışıqlar olacaq. Amma bunu rəhbərliklə və idman direktoru ilə danışacağıq. Bu barədə hələ heç nə deyə bilməyəcəyəm".