İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatı liderlərinin Qəzza zolağında saxlanılan girovlarla dəyişdirilməsi müqabilində onların qətlindən imtina etmək imkanını nəzərdən keçirir.
Bu barədə “Kan 11” telekanalı mənbələrə istinadən məlumat yayıb.
İsrail rəhbərliyi HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfə toxunulmazlıq verilməsi imkanlarını öyrənir.
Sonra isə girovların azad edilməsi müqabilində onlar Qətərə və ya başqa ölkəyə deportasiya ediləcəklər. Kanalın həmsöhbətləri qeyd ediblər ki, bu ehtimal İsrailin hərbi və siyasi rəhbərliyi tərəfindən müzakirə edilir, lakin hələ qəti təkliflər yoxdur.
“Report” xatırladır ki, Sinvar HƏMAS-a 2017-ci ildən rəhbərlik edir və hazırda radikalların lideri kimi, Qətərdə yaşayan və təşkilatın siyasi bürosunun sədri İsmayıl Haniyəni əvəzləyib.