Heydər Əliyev adına yeni təhsil qrantı ölkənin beynəlxalq təhsil imkanlarının tanıdılmasına böyük töhfə verəcək.
Bunu “Azərbaycanda beynəlxalq təhsil imkanları” Forumunda çıxışı zamanı Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsinin rəisi Elməddin Mehdiyev deyib.
O qeyd edib ki, Azərbaycan donor ölkəyə çevrilib.
“İndiyə qədər 140-a yaxın ölkə Azərbaycandan yardım alıb. Bu yardım humanitar böhranlarla mübarizəyə əhəmiyyətli töhfələr verib. Azərbaycan ən az inkişaf etmiş 46 ölkədən 43-nə, Afrikanın 54 ölkəsindən 53-nə yardımlar göstərib”.
E.Mehdiyevin sözlərinə görə, 2018-2020-ci illərdə həyata keçirilmiş İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təhsil qrantları proqramlarının uğurlu təcrübəsi əsasında xarici ölkələr üçün təhsil qrantının növbəti mərhələsinə keçmək üçün tədbirlər görülüb.
"Bu çərçivədə Heydər Əliyev adına beynəlxalq təhsil qrantı proqramı təsis olunub. Proqram çərçivəsində İƏT və Qoşulmama Hərəkatı kimi təşkilatlara daxil olan ölkələrdən, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə daxil olan ölkələrdən 5 il müddətinə illik əsasda 100 sənədin Azərbaycan Universitetlərinə qəbul olunması nəzərdə tutulur", - əlavə edib.