Şahin Mustafayevin rəhbərliyi ilə Nazirlər Kabinetində iclas keçirilib.
Nazirlər Kabinetindən Senzor.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin 24.09.2022-ci il tarixli 3488 nömrəli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı Komissiyanın növbəti iclası keçirilib.
İclasda Komissiyanın “2024-cü il üzrə İş planı”, “Təhlükə potensiallı obyektlər, eləcə də təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqlara, qurğulara və digər alət və vasitələrə dair müasir tələblərə uyğun ilkin qəbul edilməsi zəruri olan texniki reqlamentlərlə bağlı Tədbirlər Planı”, “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələr, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan Respublikasının ərazilərində mövcud problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” müzakirə olunaraq təsdiq edilmişdir.
İclasda həmçinin Komissiyanın Elektron Məlumat Bazasının (Portalının) formalaşdırılmasına, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan “Təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri”nin hazırlanmasına, təhlükə potensiallı obyektlərin istismarı sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə, habelə Komissiyanın üzvü olan dövlət orqanlarına (qurumlarına) fəaliyyət istiqamətlərinə aid təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilmişdir.