Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin sonradan təxirə salınan Türkiyə Superkuboku ilə bağlı maraqlı fakt ortaya çıxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirirki, əvvəlcə qarşılaşmanın Azərbaycanda keçirilməsi nəzərdə tutulsa da, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bunu istəməyib.
O, bir neçə müddət əvvəl verdiyi açıqlamada bunları deyib: “Təkliflər arasında Azərbaycan, Almaniya vardı. Almaniya təhlükəsizlik səbəbindən buna razılaşmadı. Daha sonra İngiltərəyə müraciət etdik və onlar da razılaşmadı. Azərbaycanda isə pul yoxdur. Səudiyyə Ərəbistanı hazırda futbol markasına çevrilib. Bu bizim üçün də böyük addım olacaq”.
Türkiyə mətbuatının yazdığına görə, “Fənərbaxça” prezidenti Ali Koç da Səudiyyə Ərəbistanından öncə qarşılaşmanın Azərbaycanda keçirilməsini istəməyib...
Bu arada məlum olub ki, hər iki komandanın heyəti bu gün səhər saatlarında İstanbula qayıdıb.
“Sarı lacivərtlilər”in klub prezidenti Ali Koç Sabiha Gökçen Hava Limanında media nümayəndələrinin suallarını cavablandırmayıb.
“Cim-bom”un rəhbəri Dursun Özbek də İstanbul Hava Limanında jurnalistlərə açıqlama verməkdən imtina edib.
Hər iki komandanı çoxlu sayda azarkeş qarşılayıb. Azarkeşlər hava limanlarının önündə ölkənin şəhidlərini bir dəqiqəlik sükutla yad edib, daha sonra İstiqlal Marşını oxuyublar.
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi vəziyyət barədə hələ ki, məlumat verməyib.
Xatırladaq ki, ötən gecə Səudiyyə Ərəbistanında keçirilməli olan qarşılaşma yerli hökumətin komandalara “Atatürk” yazılı köynəklərlə meydana çıxmasına icazə vermədiyi üçün baş tutmayıb.