Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.
Onun sözlərinə görə, dünyasını dəyişənlərdən üçü uşaqdır: “17-si uşaq olmaqla 110 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu günədək 30 çoxmənzilli yaşayış binasında, 344 mənzildə, 3 fərdi təsərrüfatda, bir neçə təsərrüfat subyektində və sosial obyektlərdə, o cümlədən məktəb, lisey, uşaq bağçasında dəymiş müxtəlif ziyan müəyyən edilib. Zərər çəkmiş 51 avtomobilin sahibləri müəyyən edilib. Zərərin qiymətləndirilməsi işləri davam edir”.
Qubernator əlavə edib ki, xəsarət alanlardan 30 nəfərin vəziyyəti ağırdır.
**23:58 (30.12.2023)
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəsarət alanların sayının 111 nəfər olduğu bildirilir.
**19:37
Ukrayna Rusiyanın Belqorod şəhərini kasetli bombalarla vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri kasetli mərmiləri olan "Olxo" və "Vampir" raketləri ilə Belqoroda zərbə endirib.
Rusiya tərəfi Ukrayna tərəfinin Belqoroda endirdiyi zərbə nəticəsində ikisi uşaq olmaqla 14 nəfərin öldüyünü, 108 nəfərin yaralandığını açıqlayıb.
**19:01
Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin Belqorodun yaşayış məntəqələrinə hücumu barədə məlumat verilib.
Kremlin mətbuat xidməti xəbər verir ki, Putinin tapşırığı ilə səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi komanda, habelə Fövqəladə Hallar Nazirliyinin bir qrupu zərərçəkənlərə yardım göstərmək üçün Belqoroda uçub.
"Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutması nəticəsində azı on nəfər ölüb, 45 nəfər yaralanıb", - deyə Kremlin məlumatında qeyd olunub.
**17:54
Rusiyanın Belqorod şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ölən və xəsarət alanların sayı artıb.
Rusiya mediası xəbər verir ki, şəhərin atəşə tutulması nəticəsində 6 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Belqorod vilayətinin Fövqəladə Hallar Nazirliyi Belqorod sakinlərinə evlərini tərk etmək və sığınacaqlara getmək xahişi ilə müraciət edib.