Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakimiyyətin prezident seçkilərində yenidən iştirak etmək üçün 2026-cı ildə Konstitusiyaya dair referendum keçirmək niyyəti ilə bağlı bəyanatları dezinformasiya adlandırıb.
"Kazinform" xəbər verir ki, bunu Tokayev "Egemen Qazaqstan" qəzetinə müsahibəsində deyib.
"Bu dezinformasiyadır. Əminəm ki, Konstitusiyaya, xüsusən də belə fundamental məsələ ilə bağlı özbaşına əlavələr edilməsi artıq mümkün deyil. Konstitusiya islahatı Əsas Qanuna özbaşına dəyişikliklərin edilməsi məqsədilə aparılmayıb", - o qeyd edib.
Tokayev vurğulayıb ki, Konstitusiyada vahid prezidentlik müddəti ilə bağlı müddəa dəyişməzdir: “Bu norma dövlətimizin müstəqilliyi, unitarlığı, ərazi bütövlüyü və idarəetmə forması ilə bağlı normalar kimi sarsılmazdır”.
Qeyd edək ki, yenilənmiş Konstitusiyaya əsasən, Qazaxıstanda prezidentlik yeddi il müddətinə təyin edilir və dövlət başçısı yalnız bir dəfə seçilə bilər.("Report")