İranın Kirman şəhərində baş vermiş terror aktı ilə əlaqədər 32 nəfər həbs olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Kirman vilayətinin prokuroru Mehdi Bəxşi deyib.
M.Bəxşinin sözlərinə görə, 3 yanvarda törədilən terror aktında iki kamikadzedən biri Tacikistan vətəndaşı olub, qalan şəxslərin kimliyi araşdırılmaqdadır.
Bəxşi əlavə edib ki, son vaxtlar Kirman vilayətində terror aktı törətmək istəyən 23 İŞİD terrorçusu saxlanılıb. Bundan başqa, vilayətdə 16 bomba zərərsizləşdirilib.
Xatırladaq ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 89 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
İran Prezidenti İbrahim Rəisi terror aktının qisasının alınacağını bildirib.