ABŞ Mərkəzi Komandanlığı və Böyük Britaniya qüvvələri Avstraliya, Kanada, Hollandiya və Bəhreynin dəstəyi ilə Qırmızı dənizdə beynəlxalq gəmilərə “qanunsuz və məsuliyyətsiz” hücumları dayandırmaq üçün Yəməndəki husi hədəflərinə zərbələr endirib.
Senzor.az bildirir ki, ABŞ Mərkəzi Komandanlığının “X” səhifəsində yaydığı məlumatda belə deyilir.
Açıqlamada qeyd edilir ki, zərbələrin hədəfi radar sistemləri, pilotsuz uçan aparatların olduğu anbarlar, ballistik və qanadlı raketlər, eləcə də onların buraxılış məntəqələri olub.
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin bəyanatında isə bildirilib ki, “Bu əməliyyat husilərin dənizçiləri təhlükə altına salmaq və dünyanın ən vacib su yollarından birində dünya ticarətini təhdid etmək imkanlarını pozmaq və dağıtmaq məqsədi daşıyır”.
Onun sözlərinə görə, “koalisiyanın bugünkü əməliyyatları husilərə aydın mesajdır”: “Qanunsuz hücumlarından vaz keçməsələr, bədəlini ödəməli olacaqlar”.
“Birləşmiş Ştatlar özünümüdafiə hüququnu özündə saxlayır və lazım gələrsə, Amerika qüvvələrini qorumaq üçün növbəti addımlar atacağıq”, – nazir vurğulayıb.