Bu gün dünyaca tanınmış aktyor Arnold Şvartsenegger Almaniyanın Münhen hava limanında gömrük nəzarətindən keçərkən saxlanılıb.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Onun “Audemars Piguet” şirkətinin bahalı qol saatına görə saxlanıldığı bildirilib.
Şvartsenegger saatı hərracda satmaq niyyətində olduğunu iddia edib.
***
Almaniyanın Baş Gömrük İdarəsi Amerikalı aktyor Arnold Şvartseneggerin Münhendə saxlanıldığını təsdiqləyib.
Gömrük İdarəsi bildirib ki, aktyor vergi qanunlarını pozmaqda şübhəli bilinir və məhkəmə prosesi başlayıb. Aktyor tezliklə azadlığa buraxılacaq.
"Təsdiq edə bilərəm ki, o, təxminən iki saatdır ki, bizimlədir. Bu, bizdən tələb olunan standart prosesdir. Vergi icraatı başlayıb", - gömrük nümayəndəsi bildirib.
***
Arnold Şvartsenegger bahalı saata görə gömrük nəzarəti zamanı saxlanıldıqdan bir neçə saat sonra Münhen hava limanında sərbəst buraxılıb.
"Arni nəhayət azadlığa buraxılır və onun ilk işi maşında siqar yandırmaq olur", - "Bild" nəşri yazıb.
Bildirilir ki, Şvartsenegger hərtərəfli dindirilib, bundan sonra ondan 35 min avro tələb olunub: saata görə 26 min, 4 min vergi və 5 min də cərimə üçün.
Vəziyyət aktyorun üstündə nağd pul olmaması səbəbindən çətinləşib. Nəticədə zabit Şvartseneggeri bank filialına qədər müşayiət edib.
Aktyor özü saatı xeyriyyə hərracında satmaq niyyətində olduğunu izah etməyə çalışsa da, onun arqumentlərinə fikir verilməyib.