İranın İraqın Kürdüstan bölgəsinin paytaxtı Ərbil şəhərinə təşkil etdiyi hücumda bir Britaniya vətəndaşı həlak olub.
"Shafaq News" xəbər verir ki, bu barədə Böyük Britaniyanın İraqdakı səfiri Stiven Hitçen "X" hesabında bildirib.
"Ehtiyatsız hücumların bütün qurbanlarının ailələrinə, xüsusən də Britaniya vətəndaşı Kərəm Mikayılın ailəsinə dərin hüznlə başsağlığı verirəm. Bu çətin zamanda düşüncələrimiz sizinlədir", - Hitçen paylaşımında qeyd edib.
Xatırladaq ki, yanvarın 15-də İran qüvvələri (SEPAH) İraqın şimalında İsrailin kəşfiyyat agentliyinin casus bazası olduğunu iddia etdiyi yerə ballistik raketlər atıb və SEPAH bəyanatında bildirib ki, İraqdakı zərbələr İsrailin Ərbildəki “əsas casusluq qərargahlarından birini” məhv edib.
"Bu qərargah casusluq əməliyyatlarının inkişafı və terror aktlarının planlaşdırılması üçün mərkəz olub", - SEPAH-ın bəyanatında deyilir.
Kürdüstan bölgəsinin hakimiyyət orqanlarının məlumatına görə, hücum zamanı azı dörd mülki şəxs, o cümlədən multimilyonçu kürd iş adamı Peşrav Dizayi və onun bir neçə ailə üzvü yaralanıb.
İraqın sərt qınaqlarına baxmayaraq, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian əməliyyatın “özünümüdafiə” xarakterli olduğunu bildirib.(APA)