Fransız fermerlər ölkə boyu etiraz aksiyalarına çıxıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Limoj şəhərində traktorçular prefektura binasının yaxınlığına zibil, peyin və təkər atıblar. Qurumun girişilə üzbəüz böyük bir tullantı dağı əmələ gəlib.
Fransanın cənubunda, Oksitaniya bölgəsində fermerlər kənd təsərrüfatı texnikası ilə magistral yolları bağlayıblar. Nəticədə Tuluza ətrafındakı bütün əsas marşrutlar qapanıb. Yollarda tonqallar yandırılır, traktorlardan ibarət cərgələr düzülür.
Fermerlər bunun başlanğıc olduğunu və etirazların daha da güclənəcəyini vəd edirlər.
Qeyd edək ki, fermerlər gəlirlərinin azalmasından gileylənir və kənd təsərrüfatı texnikası üçün yanacağa görə verginin azaldılmasını, habelə təsərrüfatlar üçün ekoloji tələblərin yumşaldılmasını tələb edirlər. Bəziləri heyvandarlıq təsərrüfatlarında epizotik hemorragik xəstəliyin yayılması problemini qaldırırlar.
Xatırladaq ki, srağagün axşam kənd təsərrüfatı və ərzaq suverenliyi naziri Mark Feno mal-qaranın müalicəsi xərclərinə görə təzminat verilməsinə sərəncam verib. Digər problem su ehtiyatlarının qeyri-bərabər paylanması və quraqlıq zamanı süni su anbarlarının olmamasıdır.