Xarkova edilən raket hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Xarkov meri İqor Terexov telemarafonun efirində məlumat verib.
“Ölənlərin sayı 8-ə çatıb. Çoxmərtəbəli yaşayış binasının qalıqları altından bir uşağın cəsədi çıxarılıb”, - deyə Terexov əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın yanvarın 23-də hava hücumu nəticəsində yaralananların sayı isə 62 nəfərə çatıb.
Xilasetmə işləri davam etdirilir, dağıntılar altında hələ də insanların olduğu güman edilir.
**11:29
Ukraynaya kütləvi raket hücumu nəticəsində 5 nəfər həlak olub.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Hadisə nəticəsində 40 nəfərin xəsarət aldığı bildirilir. Ölən və yaralananların artacağı istisna edilmir.
**
Ukraynaya kütləvi raket hücumu nəticəsində Xarkov şəhərində bir nəfər ölüb.
Ukrayna KİV xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.
Bundan başqa, Xarkovun Kiyevski rayonunda çoxmərtəbəli yaşayış binası vurulub. İnsanlar dağıntılar altında qalıb.
Kiyevin meri Vitali Kliçkonun verdiyi məlumata görə, Svyatoşinski rayonunda avtomobillər və bina yanıb. Uşaq bağçasının binasında dağıntılar olması ilə bağlı ilkin məlumat da var.
Qeyd edilib ki, Solomenski rayonunda partlayış dalğası nəticəsində yaşayış binasının pəncərələri sınıb. Paytaxtın Peçerski rayonunda qeyri-yaşayış binasına ziyan dəyib. 6 nəfər xəstəxanaya yerləşdirilib. 1 nəfərə isə yerində tibbi yardım göstərilib.
**09:56
Rusiya ordusu Ukrayna ərazisini növbəti dəfə kütləvi raket atəşinə tutub.
"Report"un Kiyevdə olan əməkdaşının verdiyi məlumata görə, hücum bu gün səhər yerli vaxtla 07.10 radələrində başlayıb.
Hazırda paytaxtda hava həyəcan siqnalları davam edir.
Bundan başqa, ölkəyə bombardmançı təyyarələrlə də hücum olub. Kiyevdə hava hücumundan müdafiə sistemləri işə düşüb.
Məlumata görə, raket zərbələri nəticəsində ölkənin Svyatoşinski rayonunda park edilmiş avtomobillər yanıb. Təcili yardım xidmətləri hadisə yerinə gedir.
Xarkov şəhərinə hücum nəticəsində isə bir neçə uşaq və bir qadın yaralanıb. Raketlərdən biri qaz kəmərinə dəyib və partlayış olub.