Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında konstitusiya dəyişikliyi məsələsinin həm də xarici əlaqələrlə bağlı olduğunu deyib.
Həm Ermənistan, həm də Azərbaycan sülhün nizamlanması prosesində hüquqi problemləri görüb və qarşı tərəfə təqdim ediblər: “Amma bu məsələnin ancaq nizamlanma ilə bağlı olduğunu demək mübaliğə olar, mən bu fikirlə razılaşmıram”.
Onun sözlərinə görə, konstitusiya dəyişikliyi ilk növbədə daxili əhəmiyyətli sənəddir.
Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində yeni konstitusiyaya ehtiyac olduğunu söyləmişdi.
**17:49
Ermənistan yeni müttəfiqlər tapmağa çalışmalıdır.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, ölkənin təhlükəsizlik problemlərini həll etməli olması ilə bağlıdır.
Nazir bildirib ki, Ermənistan müttəfiq mexanizmlərinin ümidləri doğrultmadığı vəziyyətlə üzləşib.
**16:48
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib.
O, bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır: “Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərdəki xəritələrdir. Həmçinin, kommunikasiya xətləri suverenlik prinsipləri əsasında açılmalıdır”.
Mirzoyan bildirib ki, Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar təkcə liderlər yox, həm də nazirlik və digər idarələr səviyyəsində gedir: “Nazirliyin xətti ilə sülh sazişi üzrə təkliflərin mübadiləsi aparılır. Yanvarın əvvəlində İrəvan yeddinci təkliflər paketini Bakıya təqdim edib. İrəvan üçün önəmli olan vasitəçilərin olması deyil, danışıqların məzmunudur”.
**15:54
Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər.
Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.
O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır.
XİN başçısı həmçinin söyləyib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub.
O xatırladıb ki, keçən ilin iyul və noyabr aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası keçirilib.(“Report”)