ABŞ və onun 30-a yaxın tərəfdaşı dünyanın müxtəlif ölkələrindəki hərbi bazalarda ümumilikdə 118 min Ukrayna hərbçisinə təlim keçib.
Associated Press agentliyi bu barədə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının nümayəndəsi polkovnik Martin Odonnellə istinadla məlumat yayıb. Onun sözlərinə görə, təkcə ABŞ 18 minə yaxın Ukrayna hərbçisinə təlim keçib. Hazırda 1,5 minə yaxın ukraynalı əsgərin döyüş hazırlığı davam edir.
ABŞ 2022-ci ilin fevralından bəri Ukraynaya təhlükəsizlik sahəsi ilə bağlı 44,2 milyard dollardan çox vəsait ayırıb. Sonuncu yardım paketi Kiyevə ötən il təqdim olunub, Pentaqonun sərəncamında olan vəsait isə tükənib. Əlavə maliyyə məsələsində Ukraynaya dəstək parametrləri ilə bağlı ziddiyyətlərin olmasına baxmayaraq, Kiyev əvvəllər əldə etdiyi silahları yenə də almağa davam edəcək.
Vaşinqton administrasiyası təxminən dörd ay əvvəl 2024-cü maliyyə ilində İsrail və Ukraynaya yardım göstərmək, həmçinin Asiya-Sakit okean regionunda Çin və Rusiyaya qarşı mübarizə aparmaq üçün əlavə büdcə ayırmaları barədə Kapitoliyə sorğu göndərib. Ağ ev bu məqsədlər üçün təxminən 106 milyard dollar ayrılmasını istəyir.
Aradan xeyli vaxt keçməsinə baxmayaraq, sorğunun və alternativ qanun layihələrinin gələcək taleyi müəmmalı olaraq qalır. ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda Respublikaçılar partiyasının bəzi nümayəndələri Kiyevə maliyyə yardımının davam etdirilməsinin əleyhinədir. Birləşmiş Ştatlarda bu məsələlərlə bağlı hakim demokratlar və müxalif respublikaçılar arasında debatlar davam edir.