Yanvarın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Müsəlmanları İdarəsinin sədri, Müfti Nuriddin Xoliknazarovu qəbul edib.
Senzor.az-ın məlumatına görə, QMİ sədri görüşdə Azərbaycanla Özbəkistan arasında tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətləri bu gün yüksək səviyyədə olduğunu deyib. Şeyxülislam bildirib ki, dövlət başçıları İlham Əliyevlə Şavkat Miriziyoyevin qarşılıqlı səfərləri, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması bu əlaqələrin daha inkişafına töhfə verməkdədir.
İki ölkənin dini idarələri arasında münasibətlərin səviyyəsindən razılığını vurğulayan Allahşükür Paşazadə bu əməkdaşlığın səmərəli və davamlı olacağına inandığını diqqətə çatdırıb. O, Özbəkistan Müsəlmanları İdarəsinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının 2022-ci il oktyabrın 20-də Şuşada imzalanan əsasnaməsini tarixi sənəd adlandırıb, qurumun ötən ilin noyabrında Buxaradakı toplantısının təşkilinə görə Müfti Nuriddin Xoliknazarova təşəkkürlərini bildirib, həmin tədbirdə mühüm qərarlar qəbul olunduğunu deyib.
Müfti Nuriddin Xoliknazarov isə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarını Şeyxülislama çatdırıb. Azərbaycana hər gəlişində böyük inkişafa şahid olduğunu vurğulayan qonaq ərazi bütövlüyünün təmin edilməsi münasibəti ilə xalqımızı təbrik edib.
Görüş zamanı iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri, TDT Müsəlman Dini İdarələri Rəhbərləri Şurası çərçivəsində görüləcək işlər barədə müzakirə aparılıb.