Baş nazir Viktor Orban Ukraynaya yardımın qarşısını almağa davam edərsə, Avropa İttifaqı (Aİ) Macarıstanı səsvermə hüququndan məhrum edə bilər.
“Politico” qəzeti bu barədə Aİ-nin adının çəkilməsini istəməyən diplomatlarından birinə istinadən məlumat yayıb.
“Viktor Orban fevral sammitində Avropa İttifaqı büdcəsi və Ukraynaya 50 milyard avronun ayrılması ilə bağlı sazişi yenidən bloklasa, Macarıstanı səsvermə hüququndan məhrum etmək üçün 7-ci maddədən istifadə etmək düzgün seçim ola bilər”, - deyə nəşr diplomatdan sitat gətirib.
Avropa İttifaqı haqqında müqavilənin həmin maddəsinə əsasən, qurumun “fundamental prinsiplərini ciddi şəkildə pozan” ölkənin səsvermə hüququ dayandırıla, həmçinin ona qarşı digər məhdudiyyətlər tətbiq oluna bilər.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Avropa İttifaqının Brüsseldə keçirilən sonuncu sammitində Macarıstanın Baş naziri Aİ-nin 2024-2027-ci büdcəsində Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb. Həmin məsələ fevralın 1-də Belçikanın paytaxtında keçiriləcək sammitdə yenidən müzakirə olunacaq.
Onu da qeyd edək ki, bəzi Aİ ölkələri Macarıstanın səsvermə hüququndan məhrum ediləcəyi təqdirdə bunun yarada biləcəyi nəticələrdən qorxuya düşüblər. Onların fikrincə, əgər bir ölkə öz səsvermə imkanı və hüququndan məhrum olunarsa, gələcəkdə digər dövlətlər də “fundamental prinsiplər” məsələsində oxşar problemlə üzləşə bilərlər.