Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı ədalətsiz mövqeyi və qəbul etdiyi qərarlar dünyanın hər yerində, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın ciddi etirazına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bir sıra gürcü siyasətçiləri AŞPA-nın bu qərarını ciddi tənqid ediblər.
Gürcüstanda yaşayan soydaşlarımız da özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının müdafiəçisi hesab edən AŞPA-ya öz etirazlarını bildiriblər.
“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə soydaşlarımız Avropa İttifaqının (Aİ) Tbilisi ofisinin önündə “Ayrı-seçkiliyə və ikili standartlara son!”, “Xocalıya ədalət!” tələbləri ilə aksiya keçiriblər.
Aksiyada “Erməni terroruna son!”, “Ekoloji terrora son!” və digər şüarlar səsəndirilib.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, aksiya AŞPA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoyulması tələbi ilə təşkil edilib.
Onun sözlərinə görə, AŞPA-nın Azərbaycanla bağlı son qərarı bütün dünya azərbaycanlıları kimi, Gürcüstanda yaşayan soydaşlarımızın da ciddi etirazına səbəb olub. Azərbaycana qarşı ikili standartlardan çıxış edən AŞPA-nın bu qərarının heç bir hüquqi əsası yoxdur. Dünya azərbaycanlıları və Gürcüstanda yaşayan soydaşlarımız da bunu yaxşı başa düşürlər. Ona görə də əsas məqsəd belə tədbirlər vasitəsilə AŞPA-nı düzgün yola dəvət etməklə yanaşı, avropalıları, xüsusilə də Fransa kimi dövlətləri Azərbaycanın qarşısında maneə olmaqdan çəkinməyə çağırmaqdır.
O, əminliklə qeyd edib ki, anti-Azərbaycan qüvvələr sonda onsuz da öz çirkin mövqelərindən əl çəkəcəklər.
Aksiyada iştirak edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Murad Muradov isə deyib: “İnanırıq ki, azərbaycanlıların bu aksiyası bəzi qüvvələrin çirkin əməllərdən çəkinməsinə təkan verəcək”.
Dinc şəkildə keçirilən aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.