Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən getməsinin səbəbini açıqlayıb.
APA xəbər verir ki, İrakli Qaribaşvili keçirdiyi brifinqdə vəzifəsindən ayrılmasının ona hakim “Gürcü Arzusu” partiyasının siyasi şurası tərəfindən partiya sədri vəzifəsini tutmaq təklifi edilməsi ilə əlaqələndirib. Baş nazir qeyd edib ki, partiyanın konqresi fevralın 1-də keçiriləcək.
Qaribaşvili əlavə edib ki, partiyanın siyasi şurasının iclası zamanı onun yaya qədər vəzifəsində qalması müzakirə edilib, lakin o, qarşıdan gələn parlament seçkilərini nəzərə alaraq indi bu qərarı verib.
“Növbəti Baş nazirin öz komandasını vaxtında təqdim etməsi və hökumət formalaşdırması vacibdir. Mən yeni Baş nazirə uğurlar arzu edirəm”, - Qaribaşvili deyib.
Qaribaşvili komandada digər uğurlu liderlərin də olduğunu, onlara da şans verilməli olduğunu vurğulayıb.
“Əlavə olaraq biz indi yeni tapşırıqlarla üzləşirik, biz payızda yeni parlamenti seçəcəyik və “Gürcü Arzusu” seçkilərdə inamlı qələbəyə hazırlaşmalıdır ki biz digər böyük hədəflərimizə nail olmaq istiqamətində irəliləməyə davam edə bilək”, - deyə Baş nazir bildirib.
**17:16
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
O, bu barədə keçirdiyi brifinqdə məlumat verib. Qərarın səbəbi hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, o, 2013-cü ildən 2015-ci ilə qədər hökumət başçısı vəzifəsini icra edib. Daha sonra İ.Qaribaşvili 2021-ci ildə yenidən Baş nazir vəzifəsinə gəlib.
Gürcü KİV-nin yaydığı məlumata görə, bu dəfə İrakli Qaribaşvilini Baş nazir postunda hakim partiyanın sədri İrakli Kobaxidze əvəz edəcək.
**14:40
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze əvəz edə bilər.
Bu barədə Gürcüstanın hakimiyyətə yaxın “İmedi” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, partiyanın yanvarın 24-də keçirilmiş siyasi şurasının iclasında İrakli Qaribaşvilinin partiyanın sədri, İrakli Kobaxidzenin isə Baş nazir təyin edilməsi qərara alınıb.
Sözügedən qərarın fevralın 1-də bəyan ediləcəyi bildirilib.(APA)