Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilib.
Senzor.az-ın məlumatına görə, iclasda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq təşkilatlarının nümayəndələri çıxış ediblər.
Çıxışçılar “Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda yaşıl gündəlik, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində tədbirlərlə bağlı fikirlərini bölüşüblər.
Həmçinin TÜRKPA-nın 13-cü Şura və plenar iclaslarında aparılacaq fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə ediblər.
İclasda TÜRKPA-ya daimi komissiyalarının sədrləri, sədr müavinləri və baş katibə yeni müavin seçilib.
Həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonda Plenar iclasın Bakı Bəyannaməsi qəbul edilib.
**18:38
TÜRKPA-nın 14-cü plenar iclası Qazaxıstanda keçiriləcək.
Bu barədə Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) on üçüncü iclasında deyib.
O qeyd edib ki, bunun üçün lazımi şərait yaradılacaq.
**
2025-ci maliyyə ili üçün TÜRKPA Katibliyinin büdcəsi qəbul edilib.
Məlumata görə, büdcəni TÜRKPA-nın Baş katibi Mehmet Süreyya ER Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) on üçüncü iclasında təqdim edib.
**18:00
Qardaş ölkələr arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda olduqca uğurla inkişaf edir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü plenar iclasında deyib.
Spiker qeyd edib ki, çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar, beynəlxalq aləmdə birgə fəaliyyət və qarşılıqlı dəstək bu əməkdaşlığın geniş miqyasının bariz göstəricisidir.
Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrini xatırladan Sahibə Qafarova deyib ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalmaqda davam edəcək.
O, məmnunluqla bildirib ki, yüksək səviyyəli işbirliyi parlamentlərimiz arasında da müşahidə olunmaqdadır. Spikerin sözlərinə görə, 12-ci plenar iclasdan ötən dövr parlament sədrləri, dostluq qrupları və komitələr səviyyəsində qarşılıqlı səfərlər, müntəzəm görüşlər, müxtəlif beynəlxalq platformalarda birgə iştirakla yadda qalıb. Bütün bunlar isə ölkələrimizin birliyi və həmrəyliyinin daha da güclənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına imkan yaradır.
Ölkələr arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir. Gün keçdikcə təşkilatlarımızın hər birinin fəaliyyəti daha da güclənir və əhəmiyyəti daha da artır. Bu isə, əlbəttə ki, bizim ümumi işimizə olduqca böyük fayda verir. Spiker, bu təşkilatların ölkələrimizin çoxtərəfli fəaliyyətinin mərkəzinə qoyulmasının, onların daha da güclənməsi üçün bütün zəruri addımların atılmasının vacibliyini diqqətə çatdırıb.
**
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 13-cü plenar iclasında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsindən danışıb.
Senzor.az-ın məlumatına görə, o, deyib ki, Azərbaycanın bu mühüm beynəlxalq tədbirə ev sahibliyi edən ölkə kimi yekdilliklə seçilməsi ölkənin iqlim dəyişmələrinə qarşı mübarizədə göstərdiyi səylərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və dəstəklənməsi deməkdir.
Noyabr ayında Bakıda keçiriləcək bu tədbirdə Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal həmrəyliyin təşviqinə, gələcəyimiz naminə bütün tərəfləri ümumi məqsəd ətrafında birləşdirməyə çalışacağını bildirən spiker Sahibə Qafarova xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə Parlament Toplantısı da keçiriləcək. Onun sözlərinə görə, bu toplantı iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərin oynaya biləcəyi rola və ata biləcəyi addımlara dair fikir mübadiləsi aparmağa imkan verəcək.
**17:00
TÜRKPA-nın yeni bayraq və loqosu təqdim olunub.
Senzor.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) iclasında deyib.
Qeyd edək ki, TÜRKPA-nın 13-cü iclası Bakıda keçirilib.
**15:19
Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilir.
Senzor.az-ın məlumatına görə, iclasda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR) Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq təşkilatlarının nümayəndələri iştirak edir.
**12:22
Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Türkiyədən Azərbaycana keçib.
Senzor.az-ın məlumatına görə, bu barədə TÜRKPA Şurasının Bakıda keçirilən 13-cü iclasında qərar qəbul edilib.
Belə ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi azərbaycanlı həmkarı Sahibə Qafarovaya təhvil verib.