İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub.
Senzor.az bildirir ki, söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib.
Azərbaycan, Türkiyə və Pakistanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olduğu xüsusi vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi qeyd olunub və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyi bildirilib.
Azərbaycan, Pakistan və Türkiyə arasında parlamentlərin sədrləri, xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatların artıq mövcud olduğu və bu əsnada əvvəllər bir sıra görüşlərin keçirildiyi diqqətə çatdırılıb.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi bir daha vurğulanıb. Regiondan kənar ölkələrin Cənubi Qafqazda militarizasiya siyasəti aparmasından narahatlıq ifadə edilib.
44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi vurğulanıb. Bunun Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.
Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edilib, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb.
Orta Dəhlizdə Pakistanın da iştirakı qeyd edilib və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi bildirilib.
Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Təklif məmnunluqla qəbul olunub. Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb.
Dövlətimizin başçısı Türkiyə Prezidentini və Pakistanın Baş nazirini COP29-da iştiraka bir daha dəvət edib.
Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul ediblər.
**19:06
İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirilib.
**18:22
Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş başlayıb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.