Gürcüstanın NATO-ya qoşulma ehtimalı ilə bağlı bütün qeydlər Alyansın son sammitinin bəyannaməsindən çıxarılıb.
Yerli KİV xəbər verir ki, NATO-nun iyulun 10-da Vaşinqtonda keçirilən yubiley sammitindən sonra qəbul edilən bəyannamədə Gürcüstan konkret bir bölmədə yalnız bir dəfə xatırlanıb.
"Biz heç vaxt Rusiyanın Ukrayna ərazisini, o cümlədən Krımı sonuncu ilhaqını tanımayacağıq. Biz, həmçinin Rusiyanı bütün icazəsiz qüvvələrini Moldova Respublikasından və Gürcüstandan çıxarmağa çağırırıq”, - bəyannamədə yazılıb.
İlk dəfədir ki, NATO sammitinin ardınca verilən bəyannamədə Gürcüstanın Alyansa qoşulmaq istəməsi və namizəd olmağa hazırlaşması faktı qeyd olunmur.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilir.