Moskva Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında münaqişənin tezliklə bitəcəyinə və birliklər daxilində qarşılıqlı fəaliyyətə mənfi təsir göstərməyəcəyinə ümid edir.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O qeyd edib ki, Kremlə Ermənistan hakimiyyətinin belaruslu tərəfdaşlarına qarşı tutduğu sərt mövqeyi izah etmək çətindir: “Aleksandr Lukaşenko Minskin sabit və təhlükəsiz Cənubi Qafqazda maraqlı olduğunu həmişə vurğulayıb, hətta ən çətin dövrlərdə belə, Belarus liderinin təşəbbüsləri xüsusi olaraq müharibə edən tərəfləri barışdırmağa yönəlib”.
Qaluzin vurğulayıb ki, həm Ermənistan, həm də Belarus MDB, KTMT və Avrasiya İqtisadi İttifaqının üzvüdür, həm də Rusiyanın müttəfiqləridir. O əlavə edib ki, Minsk və İrəvan arasında münasibətlərdə çətin dövrün mümkün qədər tez başa çatması Moskva üçün faydalıdır.
“İstənilən halda, ümid edirik ki, müvəqqəti fikir ayrılıqları ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqinə mənfi təsir göstərməyəcək”, - rusiyalı nazir müavini fikrini yekunlaşdırıb.