İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniyada keçirilən mitinqində baş verən atışma hadisəsini pisləyib.
Bu barədə hökumət başçısı X-də yazıb.
"Sarah (Netanyahunun həyat yoldaşı) və mən prezident Trampa açıq-aşkar hücumdan şoka düşdük. Biz onun təhlükəsizliyi və tezliklə sağalması üçün dua edirik” - o yazıb.
Günortadan sonra Netanyahu İsrail Nazirlər Kabinetinin həftəlik iclasına Trampa sui-qəsd mövzusu ilə başlayıb.
“Dünən hamımız ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampın həyatına cinayət cəhdini şok içində izlədik. Bu, təkcə iyrənc cinayət deyil, həm də Amerika demokratiyasını məhv etmək cəhdidir” baş nazir deyib. Onun çıxışının videosu hökumət başçısının ofisi tərəfindən yayılıb.
“Xoşbəxtlikdən Tramp möcüzəvi şəkildə xilas oldu. İndi sağalır, yenidən aramızdadır. Mən ona şəxsən öz adımdan, həyat yoldaşım Saranın adından, İsrail hökumətinin nazirləri adından və bütün İsrail xalqı adından tezliklə sağalmağı və tam sağalaraq tam güclə həyata qayıtmağı arzuladığımızı bildirmək istəyirəm” – Netanyahu vurğulayıb.