Beynəlxalq səyyahlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi minaların azərbaycanlı istehkamçılar tərəfindən zərərsizləşdirilməsi prosesini izləyiblər.
Senzor.az xəbər verir ki, səyahətçilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzuli rayonunun Horadiz kəndinə gəliblər.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri qonaqlara işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmənin necə aparıldığını, hansı ərazilərin artıq təmizləndiyini və qarşıda hansı işlərin görülməli olduğu barədə məlumat veriblər.
Qonaqlara həmçinin daha əvvəl aşkar edilmiş və zərərsizləşdirilmiş tank əleyhinə minaların partladılması nümayiş etdirilib.
Xatırladaq ki, 35 nəfərdən ibarət beynəlxalq səyyahdan ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədir. Bu gün onlar Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olublar.
Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil edilib.
Son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Çarlz Veylinin başçılıq etdiyi bu qrupun səfəri sayca 11-ci olub.
Səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edir