Azərbaycanın daha bir boksçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
Senzor.az xəbər verir ki, 80 kiloqramda çıxış edən Murad Allahverdiyev debütdə Abdelrahman Abdelqavvadı (Misir) mübarizədən kənarlaşdırıb.
Təmsilçimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. M. Allahverdiyevin ikinci görüşü avqustun 2-də olacaq. O, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız Parisə 5 boksçu ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) 1/4 finala yüksəlib.
**17:49
Azərbaycanın boksçusu Nicat Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Senzor.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gəlib.
Bu görüşdə idmançımız məğlub olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
**14:26
Azərbaycan cüdoçusu Zelim Tçkayev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Senzor.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda fransalı Umar Alfa Djalo ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Z.Tçkayev mübarizəni dayandırıb.
Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.
**13:10
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Senzor.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.
Vəlizadə 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Onun taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gələcək.
Ümumilikdə yarışa qatılacaq 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
**12:10
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
Senzor.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.
Məsafəni 7 dəqiqə 53,76 saniyəyə qət edən Dımçenko ilk "3-lüy"ə düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub.
O, altı idmançı arasında dördüncü yeri tutub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
**10:44
Triatlonçumuz Rostislav Pevtsovun çıxışı Sena çayında çirklilik dərəcəsinin yüksək olması səbəbindən yarış təxirə salınıb.
Senzor.az bildirir ki, buna görə bu gün “Paris-2024”də Azərbaycanın 6 idmançısı və bir komandası mübarizə aparacaq.
**09:44
Azərbaycanın daha yeddi idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
Senzor.az bildirir ki, əvvəlcə kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək.
Ardınca akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko 1/4 finalda yarışacaq.
Həmçinin cüdoçu Zelim Tçkayev də mübarizəyə qoşulacaq. 81 kq çəki dərəcəsində yer alan milli üzvü 1/16 final səddini keçməyə çalışacaq.
Üzgüçü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsini adlamaq istəyəcək.
Daha sonra boksçular - Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) rinqə çıxacaqlar. 1/16 finaldan başlayacaq N.Allahverdiyev Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gələcəksə, M.Allahverdiyev misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.
Bu gün Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova da qüvvəsini sınayacaq. Sıralama turunda 647 xalla 39-cu yeri tutan milli üzvü 1/32 finalda çinli An Qixuanla görüşəcək.
Günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa qoşulacaq. Təmsilçimiz ilk mərhələdə İspaniya yığması ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.