Cüdoçumuz Elcan Hacıyev Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə alıb.
Senzor.az bildirir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançının fransalı Nqayap Hambu ilə görüşdə çiyni çıxıb və xəstəxanaya aparılıb.
Xatırladaq ki, Elcan rəqibinə məğlub olaraq Olimpiadada mübarizəni dayandırıb.
**14:58
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Məlumata görə, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.
Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.
Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.
**14:57
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.
Senzor.az bildirir ki, idmançı yarışı 43-cü pillədə başa vurub.
O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.
Qeyd edək ki, dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı. Paris-2024 avqustun 11-də başa çatacaq.
**12:39
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
Senzor.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.
Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Avarçəkən məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
**10:14
Bu gün Azərbaycanın üç idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
Senzor.az bildirir ki, ilk olaraq cüdoçu Elcan Hacıyev tatamiyə çıxacaq.
90 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gələcək.
Akademik avarçəkmə üzrə yığmamızın üzvü Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.
İlk görüşündə avstriyalı Kollins Filimonu üstələyən badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq.
Son olaraq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ seçməsi ilə qarşılaşacaq. Komandamız ötən gün ilk matçında İspaniyaya məğlub olub - 16:18.
Triatlonçumuz Rostislav Pevtsov da Parisdəki çıxışı bu günə təsadüf edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Hələlik cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.