İngiltərənin Sautport şəhərində etirazçılar və polis arasında qarşıdurma yaranıb.
“Sky News” kanalı xəbər verir ki, son məlumata görə, hadisə nəticəsində azı 50 polis əməkdaşı yaralanıb, onlardan 27-si xəstəxanaya aparılıb. Polis maşını etirazçılar tərəfindən yandırılıb.
Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı əli bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı zərbələrdən xəstəxanada həyatını itirib. Etirazçılar və polis arasındakı qarşıdurma isə dünən gecə (iyulun 30-da) qurbanların xatirəsini yad etmək üçün keçirilən dinc aksiyadan bir neçə saat sonra baş verib.
Sautport üzrə deputat Patrik Hörli iğtişaşçıların bu şəhərdə yaşamadığını, başqa bölgələrdən bura üz tutduqlarını açıqlayıb: "Bu şəxslər Sautportda yaşamırlar. Onlar hadisədən zorakılıq və nifrət yaratmaq üçün istifadə etdilər və bu, həyatını itirən uşaqların valideynlərinin istədiyi bir şey deyil. Etirazçıların bu hərəkəti ailələrə qarşı böyük bir hörmətsizlikdir".