Qərblə mübadilə nəticəsində Rusiya Federasiyasına qayıdan rus məhbusları Ankaradan gətirən "Rusiya" uçuş dəstəsinin təyyarəsi bir az əvvəl Moskvanın Vnukovo-2 Hava Limanına enib.
Senzor.az bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Mübadilə nəticəsində geri qaytarılan rusları qarşılamaq üçün hava limanına Rusiya Prezidenti Vladimir Putin şəxsən özü gəlib. O, hərbi xidmətlə bağlı olan bəzi geri dönənlərə anda sadiqliklərinə görə təşəkkür edib. Putin geri qayıdanların hamısına dövlət mükafatları veriləcəyini, həmçinin onlarla görüşəcəyini və “gələcək haqqında danışacağını” bildirib.
Rusiya Federasiyasının Prezidenti ilə birlikdə qayıdanları müdafiə naziri Andrey Belousov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və FTX rəhbəri Aleksandr Bortnikov qarşılayıblar.
Onu da qeyd edək ki, Rusiya Prezidenti ABŞ-la məhbusların mübadiləsi çərçivəsində ölkəyə qaytarılan şəxslərin azadlığa buraxılması barədə fərman imzalayıb.
Fərmana əsasən, Pol Uilan, Kevin Lik, Evan Gerşkoviç, Demuri Voronin, Vladimir Kara-Murza, Alsa Kurmaşeva, Liliya Çanışeva, Vadim Ostanin, Kseniya Fadeyeva, Aleksandra Skoçilenko, İlya Yaşin, Andrey Pivovarov və Oleq Petrov əfv ediliblər.
Senzor.az