“Paris-2024” Yay olimpiya Oyunlarında bu gün Azərbaycanın üç idmançısı mübarizə aparıb.
Senzor.az bildirir ki, əvvəlcə Anna Skidan çəkicatma yarışlarında bacarığını göstərib.
Atlet təsnifat mərhələsindəki ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb. Üçüncü yanaşmada isə daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub. A.Skidan A və B qruplarında çıxışların yekununda 32 atlet arasında 6-cı yeri tutub və adını final mərhələsinə yazdırıb. O, avqustun 6-da keçiriləcək finalda qüvvəsini sınayacaq.
Azərbaycan boksçusu Alfonso Dominqes də uğurlu çıxışla yadda qalıb. Yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla üzərində qələbə qazanan milli üzvü fəxri kürsünün birinci pilləsinə daha da yaxınlaşıb. Boksçu avqustun 9-da keçiriləcək finalda qızıl medal qazanmağa çalışacaq.
Atıcı Ruslan Lunyov isə 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb. İki mərhələnin yekununda 580 xal toplayan idmançı təsnifat mərhələsində 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
**15:56
Azərbaycanın boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
Senzor.az bildirir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda İspaniya təmsilçisi Enmanuel Reyes Pla ilə qarşılaşıb.
Rəqibinə qalib gələn boksçumuz həlledici döyüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Lazizbek Mullojonov (Özbəkistan) - Davlat Boltayev (Tacikistan) cütünün qalibi olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, A.Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
**10:00
Bu gün Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Senzor.az bildirir ki, Anna Skidan təsnifat mərhələsində çıxış edəcək. Qadın atlet çəkicatma üzrə yarışda qüvvəsini sınayacaq.
Ruslan Lunyov bu dəfə pnevmatik tapançadan 25 metr məsafəyə atəşaçma yarışında hədəfi dəqiq nişan almağa çalışacaq. O, 10 metr məsafəyə atəşaçmada 24-cü olmuşdu.
Bu gün, həmçinin boksçu Alfonso Dominqes (92 kiloqram) yarımfinal görüşünə çıxacaq. Finala gedən yolda onun rəqibi ispaniyalı Enmanuel Reyes Pla olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu A.Dominqes isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.