Azərbaycan boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarında final görüşünü keçirib.
Senzor.az bildirir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gəlib.
Rəqibinə məğlub olan boksçumuz Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominges ilk görüşündə kubalı Xulio Sezar la Krusa qalib gəlib. Ardınca qazaxıstanlı Aybek Oralbayı üstələyən Paris olimpiadasının bürünc mükafatçısı yarımfinalda İspaniya təmsilçisi Reyes Planı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, bununla da Azərbaycan idmançıları Paris Olimpiadasında 5-ci medalı rəsmiləşdirib. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.
**10:16 (09.08.2024)
Azərbaycan boksçusu Alfonso Dominqes bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında final görüşünə çıxacaq.
Senzor.az bildirir ki, 92 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gələcək.
Bu gün, həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası və iki sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
Qrup hərəkətləri komandası əvvəlcə təsnifat mərhələsində halqalar, eləcə də top və lentlə hərəkətlər üzrə qüvvəsini sınayacaq.
Sərbəst güləşçilərə gəlincə, Turan Bayramov (74 kiloqram) albaniyalı Çermen Vəliyevlə, Giorgi Meşvildişvili (125 kiloqram) isə misirli Diaeldin Əbdülmüttəliblə qarşılaşacaq. Hər iki görüş 1/8 finala təsadüf edəcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.