Ukrayna ordusu Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutub.
Bu barədə Ukrayna və Rusiyaya məxsus teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, zərbələr nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb. Hücumun ABŞ istehsalı HIMARS raket sistemi ilə həyata keçirildiyi qeyd olunur. Məlumata görə, Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.
Zərbələr nəticəsində sıradan çıxan hərbi karvanın görüntüləri də yayılıb. "BBC Verify" platforması görünütlərin Kurskda çəkildiyini təsdiqləyib. Qeyd olunur ki, görüntülər Kursk vilayətinin Rılsk bölgəsinin Oktyabrskoye kəndi yaxınlığında lentə alınıb.
Qeyd edək ki, Ukrayna ordusunun bir neçə gün əvvəl Rusiyanın Kursk vilayətinə daxil olduğu, bölgədə döyüşlər getdiyi bildirilir. Döyüşlərin Kursk vilayətində yerləşən Sudja yaşayış məntəqəsində getdiyi qeyd olunur. Bu şəhər Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı üçün son əməliyyat - daşıma məntəqəsidir. Burada cəmi 60 km aralıda Rusiyanın Kursk atom elektrik stansiyası yerləşir. Rusiyalı hərbi bloqçular Ukraynanın yeni cəbhə açdığını iddia edib və gərgin döyüşlər olduğunu bildiriblər.
Ukrayna tərəfi döyüşlərlə bağlı rəsmi mövqe bildirməyib. Ancaq Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı Rusiyanın müharibəni hiss etməli olduğunu vurğulayıb.
“Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik. Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir”, – Ukrayna lideri qeyd edib.
Putin isə ötən gün Ukraynanın hücumunu “böyük təxribat” kimi qiymətləndirib.