Türkiyənin 26 əyalətində keçirilən “Narkoçelik-31” adlı əməliyyatlar nəticəsində 91 narkotacir və küçə satıcısı saxlanılıb, bir ton 47 kq narkotik maddə isə müsadirə olunub.
“TRT Haber” bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Nazir bildirib ki, 253 ekipaj və 996 şəxsi heyətin qatıldığı əməliyyatlar Diyarbakır, Ədirnə, Elazığ, Manisa, Aksaray, Adana, Balıkəsir, Bitlis, Batman, Bingöl, Malatya, Ağrı, Kırklareli, Aydın, Yalova, Afyonkarahisar, Antalya, Ərzurum, Karaman, Sakarya, Rize, Kırıkkale, Muğla, İzmir, Siirt və Ankarada keçirilib.
Onun sözlərinə görə, saxlanılan 91 şübhəlidən 55-i həbs olunub, 9-u ədliyyə nazirliyinin nəzarətinə verilib, qalanları barəsində araşdırma aparılır.
Qeyd olunub ki, axtarışlar zamanı bir ton 47 kiloqram narkotik vasitə, 8 milyon 249 min ədəd çətənə kolu, skunk kökü və 21 min ədəd narkotik həb götürülüb.