Rusiya Silahlı Qüvvələri (RSQ) Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılar qrupunun komandanı general-mayor Apti Alaudinov Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna NATO-nun qərargah komandanlığının rəhbərlik etdiyini bildirib.
Bu barədə Rusiya KİV-i yazıb.
“İndi hər tərəfdən çoxlu fransızların, polyakların, yəni çoxlu əcnəbilərin olduğunu qeydə alırıq. Əlbəttə ki, bu əməliyyata bilavasitə NATO blokunun qərargahının komandanlığının rəhbərlik etdiyini demək lazımdır. Bu birmənalıdır, çünki ukraynalıların özləri çətin ki, belə bir hücumu formalaşdıra bilərlər”, - Alaudinov deyib.
Maraqlıdır ki, hadisə ilə bağlı kollektiv Qərb, ilk növbədə isə Vaşinqton verdiyi açqılamada USQ-nin Rusiyanın Kursk vilayətinə hücuma hazırlaşdığından xəbəri olmadığını və bu əməliyyatdan təəccübləndiyini bildirib.
Alaudinovun sözlərinə görə, Ukrayna ordusu öz qüvvələrini Belarus sərhədindən Kursk vilayətinə çəkib. Eyni zamanda, iki gün ərzində çoxlu sayda düşmən texnikası məhv edilib və “yəqin ki, bütün Şimal Hərbi Dairəsində heç vaxt belə hadisə baş verməyib”.