UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılıb.
Senzor.az bildirir ki, mərasimdə "Qarabağ"ın da rəqibləri bəlli olub.
Ağdam klubu Liqa mərhələsində Niderlandın “Ayaks”, İngiltərənin “Tottenhem”, Fransanın “Lion”, Yunanıstanın “Olimpiakos”, Norveçin “Budyo-Qlimt”, Rumıniyanın “Styaua”, İsveçin “Malmö” və “Elfsborq” klubları ilə qarşılaşacaq. Azərbaycan çempionu dörd oyunu evdə, digər dördünü isə səfərdə keçirəcək.
**10:43
Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılacaq.
Senzor.az bildirir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə "Qarabağ"ın da rəqibləri bəlli olacaq.
Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq.
Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünüblər. Ağdam klubu 3-cü səbətdə yer alıb. Komandalar hər səbətdən iki rəqiblə – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.
8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.