Rusiya qoşunları Ukraynanın Poltava şəhərinə ballistik raketlərlə hücum edib.
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, hücum nəticəsində, son məlumatlara əsasən, 51 nəfər həlak olub, 206 nəfər isə xəsarət alıb.
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, işğalçı Rusiya Federasiyasının hərbçiləri Poltavada təhsil müəssisəsini və xəstəxananı iki “İsgəndər-M” ballistik raketi ilə vurublar.
Zərbələr nəticəsində Rabitə İnstitutunun binalarından biri, xəstəxana və yaxınlıqdakı evlər qismən dağılıb. Hadisə yerində xilasedicilər, əməliyyat-istintaq qrupu və digər xidmətlər işi davam etdirir, qurbanların sayı dəqiqləşdirilir. Prokurorluq əlavə edib ki, digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə daha bir Rusiya cinayətinin nəticələrini sənədləşdirirlər.
“Müdafiə sahəsində Poltava İxtisaslaşdırılmış Prokurorluğunun prosessual rəhbərliyi altında Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd (Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsi) ilə bağlı ibtidai istintaqa başlanılıb”, – məlumatda deyilir.