ABŞ-da keçmiş prezident və noyabrda keçiriləcək seçkidə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrail ilə Livan arasında gərginliyin artmasından sonra maraqlı açıqlama verib.
Bu barədə Habertürk.com məlumat yayıb.
Qeyd edək ki, İsrailin Livanda iki gün dalbadal "Hizbullah" üzvlərinə qarşı kiberhücumlarından sonra bölgədə gərginlik artıb.
Bu hadisələrdən sonra ABŞ-da antisemitizm tədbirində çıxış edən Tramp qarşıdan gələn prezident seçkisini "İsrail tarixinin ən mühüm seçkisi" kimi xarakterizə edib.
Tramp iddia edib ki, rəqibi Kamala Harris seçkidə qalib gələrsə, yəhudi dövləti məhv ediləcək, Yer üzündən silinəcək və varlığı sona çatacaq.
O qeyd edib ki, İsrail üçün ona böyük miqyasda dəstək verilməlidir.
"Dünyadakı hər kəsdən daha çox Kamala Harrisi məğlub etməlisiniz", - deyə Donald Tramp yəhudi seçicilərə müraciət edib.
Daha sonra isə o, İsraili yenidən "möhtəşəm edəcəyinə" söz verib.