Bakıda ADEX-2024 sərgisində “Improtex group” 3 yeni zirehli maşın təqdim edib.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında “Improtex group”un minatəmizləmə layihəsinin rəhbəri Fərid Abdullayev deyib.
Onun sözlərinə görə, ADEX sərgisi şirkət üçün yeni məhsulların nümayişi üzrə ənənəvi platforma olub və bu il də istisna deyil.
"Keçən sərgidə minatəmizləmə avadanlıqlarını təqdim etdik, bu dəfə isə zirehli maşınların tam xəttini təqdim edirik. Bu il ITX-15 M, ITX-20-H, ITX-6-L modellərini nümayiş etdiririk. Bu platformalar müxtəlif vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub. Biz yalnız təcili yardım maşını deyil, 10 kiloqrama qədər partlayıcı yükə tab gətirə bilən M-RAP dərəcəli mühafizə səviyyəsinə malik zirehli maşın təqdim edirik", – o vurğulayıb.
F.Abdullayev əsas məqsədin ordunun və hərbi strukturların ehtiyaclarına uyğunlaşa bilən platformaların yaradılması olduğunu qeyd edib.
"Bu maşınlar heyət daşınması, patrul maşınları, komanda mərkəzləri və tibbi evakuasiya vasitələri kimi istifadə oluna bilər. "Improtex" yerli hərbi strukturların ehtiyacları üçün maksimum uyğunlaşmış həllər təqdim edərək, idxaldan asılılığın azaldılmasına çalışır. Bizim prioritetimiz yerli hərbi strukturları təmin etmək, daha sonra isə ixrac bazarlarına daxil olmaqdır", – Fərid Abdullayev əlavə edib.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30 000-dən çox qonaq ziyarət edib.