Qərb ölkələri Kabildən Əfqanıstana fayda gətirə biləcək savadlı insanları aparırlar.
Bunu “The New York Times” nəşrinə müsahibəsində “Taliban” hərəkatının nümayəndəsi Zabihulla Mücahid deyib.
Ağ Ev daha əvvəl bəyan edib ki, 14 avqustdan bəri ABŞ Əfqanıstandan 82 mindən çox insanı evakuasiya edib, onlardan yalnız 4,5 mini amerikalılar və ailələridir.
"Qərb dövlətləri Əfqanıstanın işlərinə qarışmamalı və insan resurslarını ölkədən çıxarmamalıdır. Söhbət həkimlər, professorlar və burada ehtiyacımız olan digər insanlardan gedir. Onlar Amerikada aşpaz və ya qabyuyan ola bilərlər. Bu, qeyri -insani haldır”, - “Taliban” nümayəndəsi vurğulayıb.
Mücahidə görə, ölkəni tərk etmək üçün qanuni sənədləri olan hər kəs müqavimətsiz paytaxt hava limanına gedə biləcək.
"Taliban" nümayəndəsi hərəkatın yaraqlılarının ABŞ-la işləyən keçmiş tərcüməçiləri və digər əfqanları təqib etmədiyini söyləyib. O, qadınlar üçün sərt qaydalar yaratmaq istədiklərinə dair iddiaları da rədd edib: "Gələcəyi qurmaq və keçmişdə baş verənləri unutmaq istəyirik".