İranın Xuzistan əyalətinin Əhvaz şəhərindəki İmam Xomeyni adına xəstəxananın yüzlərlə işçisi tələblərinin ödənilməməsinə etiraz olaraq tətil edib.
Bu barədə “ir.voanews.com” məlumat yayıb.
Məlumata görə, onların arasında tibb bacıları, cərrahiyyə əməliyyatının texnikləri, xidməti işçiləri də var. Xəstəxananın qarşısına toplaşan aksiyaçılar işləməkdən imtina ediblər.
Tibb müəssisəsinin əməkdaşları idarəetmənin düzgün aparılmaması, əməkhaqqı və müavinətlərinin lazımi səviyyədə verilməməsi kimi məsələlərə etirazlarını bildiriblər.
"Report" bildirir ki, informasiyaya əsasən, son günlər analoji aksiyalar Əhvaz Tibb Universiteti ilə bağlı başqa xəstəxanalarda, o cümlədən Gülüstan və Razi tibb müəssisələrində də keçirilib.