Tbilisidə polislə etirazçılar arasında “atışma” davam edir: təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan, etirazçılar fişənglərdən istifadə edirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstanın ombudsmanı Levan İoseliani bu gün axşam saatlarında Rustaveli prospektində keçirilən aksiyanın dağıdılmasını şərh edərkən Daxili İşlər Nazirliyini etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməməyə çağırıb.
**
Tbilisidə etirazçılar və xüsusi təyinatlılar arasında pirotexniki vasitələr və gözyaşardıcı qazla “atışma” olub.
Senzor.az bildirir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Təhlükəsizlik qüvvələri etirazçıları parlament binası qarşısındakı ərazidən uzaqlaşdırıblar. Xüsusi təyinatlılar etirazçılara qarşı gözyaşardıcı qaz kapsulları və su şırnaqlarından da istifadə ediblər.
Qanunverici orqanın yerləşdiyi Rustaveli prospektinin ortasında xüsusi təyinatlılar düzülüb. Bir neçə etirazçı saxlanılıb.
Tbilisi Patrul-Polis İdarəsinin rəisi Vaja Siradze bildirib ki, dekabrın 2-də axşam nümayişçilərə qarşı “proporsional güc” tətbiq edilib. Onun sözlərinə görə, etirazçılar mitinqin əvvəlindən özlərini “dağıdıcı” kimi aparmağa başlayıblar. Siradze qeyd edib ki, son günlər Gürcüstan Daxili İşlər Nazirliyinin polis bölmələri etirazçıların bəzilərinin aqressiv, zorakı hərəkətlərinə “tolerantlıq nümayiş etdirib”.
Etirazçıların dağıldıqdan sonra Rustaveli prospektinə qayıtdıqları da bildirilir.
**21:42 (02.12.2024)

Gürcüstanın paytaxtı Tbilisidə son parlament seçkilərinin əleyhinə ötən ayın 28-dən müxaliət tərəfindən başladılan aksiyalar bu gün də davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyaçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə etməyə başlayıblar.
Hazırda etirazçıların Parlament binasından uzaqlaşdığı və yalnız Rustaveli prospektində dayandıqları bildirilir.
Batumidə, Avropa Meydanında da etiraz aksiyasının yenidən başladığı bildirilir. Gənclər Gürcüstanın və Avropa İttifaqının bayraqlarını açıblar.
Aksiya iştirakçıları öz ölkələrinin Avropa gələcəyi üçün mübarizəni davam etdirəcəklərini bildiriblər.
Qorinin mərkəzində də etiraz aksiyası keçirilir. Toplaşanlar bir az əvvəl şəhərin küçələri ilə yürüşə başlayıblar.