Tbilisinin mərkəzindəki Rustaveli prospektində müxalifətin sayca doqquzuncu etiraz aksiyası davam edir.
Yerli KİV-in yazdığına görə, onların ən fəalları aqressiv davranırlar: parlamentin qarşısındakı metal hasara təpik vurur, polisə daş və fişəng atırlar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bir az əvvəl bir polis əməkdaşı üz nahiyəsindən müxtəlif xəsarətlər alıb və ona tibbi yardım tələb olunub.
Parlamentin yan tərəfindən keçən və Rustaveli prospektinə baxan Qriqori Çiçinadze küçəsində polis xüsusi təyinatlıları və su şırnaqları quraşdırılmış maşınlar yerləşdirilib. Bu tip qüvvələrdən adətən aksiya iştirakçılarını dağıtmaq üçün istifadə olunur. Hazırda etirazçılar onlardan 30 metr məsafəyə çəkilməyə qərar veriblər. Amma polislərin gözlərinə lazer şüaları salmaqda davam edirlər.
**
Son məlumata görə, xüsusi polis bölmələri etirazçıları parlament binasının qarşısındakı meydandan çıxarıblar, Rustaveli prospektində hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında əsl qarşıdurma yaşanır, polis əməkdaşları həbslərə başlayıb və özlərini bu dəfə olduqca aqressiv aparırlar.
**22:53 (06.12.2024)
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyaları davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazların 9-cu günü Rustaveli prospektində yenidən bir neçə min nəfər toplaşıb və avtomobillərin hərəkəti tamamilə dayandırılıb.
Etiraz aksiyası, əvvəlki günlərdə olduğu kimi, dinc şəraitdə keçirilir, iştirakçılar hüquq-mühafizə orqanlarını təxribata çəkməkdən uzaq dururlar.
Buna baxmayaraq, parlament binası önündə xüsusi təyinatlı qüvvələr növbə çəkməyə davam edir. Bu addım pirotexnikadan istifadə hallarını qabaqlamaq və etirazçıların binaya yaxınlaşmaq cəhdlərinin qarşısını almaq məqsədilə atılıb.
Xatırladaq ki, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırmasına etiraz edirlər.