Rusiyanın "Azimut" aviaşirkəti Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşları ləğv edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, "Azimut" Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.
Qeyd edək ki, bundan əvvəl AZAL yarana biləcək riskləri nəzərə alaraq Qroznı və Mahaçqala da daxil olmaqla Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod və Vladiqafqaza uçuşları təxirə salıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.