Azərbaycanda casusluq ittihamı ilə həbs olunan fransalı iş adamı Martin Ryanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı oxunub.
Martin Ryanla birgə müttəhim kürsüsündə Azərbaycan vətəndaşı Azad Məmmədli əyləşir. İxtisasca hüquqşünas olan Azad dövlətə xəyanətdə ittiham edilir.
Fotoda: Azad Məmmədli
Təqsirləndirilən şəxslər açıq məhkəmə iclasında mühakimə edilirlər. Onların bütün hüquqları təmin edilib. Prosesdə yerli və xarici media nümayəndələri, səfirliklərin əməkdaşları iştirak ediblər.
"Qafqazinfo" xatırladır ki, bu cinayət işi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb.
İttiham aktına görə, Martin Ryanın Azərbaycanda istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən Martin Ryan eyni zamanda bəzi xarici dövlətlərin Azərbaycandakı səfirliklərində işləmiş şəxslərlə məqsədyönlü şəxsi münasibət qurub məlumatlar alaraq xarici xüsusi xidmət orqanına ötürməkdə şübhəli bilinir.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Səbail rayonunda kirayə yaşadığı evdə və həmin ərazidə yerləşən restoranların birində Fransanın xüsusi xidmət orqanları əməkdaşları ilə görüşdürüb.
Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub.
Təqsirləndirilən şəxslərin bütün planlarını Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti alt-üst edib. Martin Ryan və Azad Məmmədli xüsusi əməliyyatla həbs edilərək istintaqa cəlb ediliblər.
Fransız müttəhim ittiham edildiyi cinayətlərdən boyun qaçırmır. O, özünü qismən təqsirli hesab edib. M.Ryan bununla bağlı sübutlarını məhkəməyə təqdim edəcəyini deyib.
Təqsirləndirilən şəxslər - Martin Ryan və Azad Məmmədliyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onları 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Mühakimə olunan şəxslər fevralın 19-na təyin edilmiş növbəti iclasda sərbəst ifadə verəcəklər.