Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken bu gün axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədini imzalayacaqlar.
Senzor.az Ermənistan KİV-inə istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Sənəd A.Mirzoyanın ABŞ-a səfəri zamanı imzalanacaq.
"Ermənistanın XİN başçısı Ararat Mirzoyan yanvarın 14-15-də Vaşinqtonda işgüzar səfərdə olacaq. A.Mirzoyanın amerikalı həmkarları, o cümlədən ABŞ dövlət katibi Antoni Blinkenlə görüşləri planlaşdırılır", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə yazıb.
Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Suren Sarkisyan bildirib ki, İrəvan və Vaşinqtonun imzalayacağı strateji tərəfdaşlıq müqaviləsi ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya tipli strateji müttəfiqlik münasibətlərini nəzərdə tutmur: "ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermir, hərbi yardım göstərmir, silah-sursat satmır və ya silahla təmin etmir. Bu format Ermənistanda Amerika hərbi bazasının və ya hərbi nümayəndələrin yerləşdirilməsini nəzərdə tutmur".
Ekspert xatırladıb ki, belə bir sənəd 2009-cu ildə ABŞ-la Gürcüstan arasında da imzalanıb.
Ekspert yazır ki, təhlükəsizlik sahəsində saziş hərbi əlaqələr, məsləhət proqramları çərçivəsində yardımı, hərbi təhsil və beynəlxalq təhsil proqramlarında iştirakı, həmçinin Kanzas Milli Qvardiyası ilə çoxillik əməkdaşlığın davam etdirilməsini nəzərdə tutur.
Saziş çərçivəsində ABŞ iqtisadiyyat və islahatlar, sosial layihələr və insan hüquqları sahəsində maliyyə yardımı ayıracaq. Sənəd enerji sahəsində əməkdaşlığı da əhatə edir - söhbət çox güman ki, Ermənistanda ABŞ-ın kiçik atom elektrik stansiyalarının tikilməsindən gedəcək.
Politoloq xüsusi vurğulayıb ki, əsas məsələlərdən biri də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası dövründə sazişin həyata keçirilməsinin davam etdirilib-etdirilməyəcəyi ilə bağlıdır. Sarkisyan bunu ən çətin məsələ hesab edir və bunun erməni diplomatiyasının işinin səmərəliliyindən asılı olacağını düşünür.
Daha bir maraqlı reaksiya Kremldən gəlib.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ Cənubi Qafqazda heç vaxt sabitləşdirici rol oynamayıb: "...Hətta bunun əksini demək olar. Bu fəaliyyətlər kontekstində ABŞ daim yeni ölkələri öz arxasınca çəkməyə çalışır".
Bununla yanaşı, Peskov qeyd edib ki, Ermənistanın başqa ölkələrlə münasibətləri inkişaf etdirmək üçün suveren hüququ var: "Bizim Ermənistanla ikitərəfli münasibətlərimiz var, bu münasibətləri yüksək qiymətləndiririk və bundan sonra da inkişaf etdirmək niyyətindəyik. İkitərəfli aspektlərdən əlavə, bizim üçün inteqrasiya prosesləri çərçivəsində, o cümlədən Avrasiya İqtisadi İttifaqında əməkdaşlığımızın aspektləri çox vacibdir".